Az | EN

Azərbaycan İnvestisiya Holdinqi İsraildə 270 milyon dollarlıq investisiya edəcək

Cəmil Hüseynzadə
12 Yanvar 2026 15:14
65 baxış
Azərbaycan İnvestisiya Holdinqi İsraildə 270 milyon dollarlıq investisiya edəcək

Mediada yayılan məlumata görə, Azərbaycan İnvestisiya Holdinqi (AİH) İsrailin aparıcı duzsuzlaşdırma şirkəti IDE-də 30 faiz payın alınması imkanını nəzərdən keçirir və bu məqsədlə ilkin araşdırma (due diligence) aparır. The Marker nəşrinin məlumatına əsasən, sözügedən payın dəyəri 250–270 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

IDE İsrailin ən böyük duzsuzlaşdırma şirkəti olmaqla yanaşı, dünyada da aparıcı mövqelərdən birini tutur. Şirkət Palmachim istisna olmaqla İsraildəki bütün duzsuzlaşdırma zavodlarını inşa edib. Hazırda IDE Hadera zavodundakı 50 faizlik payı və Sorek 2 müəssisəsi vasitəsilə ölkənin duzsuzlaşdırma bazarının təxminən 20 faizinə nəzarət edir.

Şirkət eyni zamanda Qərbi Qalileyada yeni zavod tikir. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır. Bu obyekt və Sorek 2-nin tam gücə çatmasından sonra IDE-nin İsrail bazarındakı payının 45 faizə yüksələcəyi gözlənilir.

Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsrail infrastrukturuna ikinci böyük dövlət investisiyası olacaq. Xatırladaq ki, 2025-ci ilin yayında SOCAR İsrailin Tamar qaz yatağında 10 faizlik payı 1,25 milyard dollara almışdı.

© copyright 2022 | tech.az | info@tech.az