2025-ci ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internet sürətinə görə 153 ölkə arasında 81-ci pilləyə qalxıb. Bu, əvvəlki ayla müqayisədə 2 pillə irəliləyiş deməkdir. Ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 82.58 MB/s təşkil edib ki, bu da ötən ayla müqayisədə əhəmiyyətli artım deməkdir.
“Speedtest Global Index”in iyul hesabatına görə, sabit genişzolaqlı internet sürətinə görə dünyada birinci yeri Sinqapur, sonuncu yeri isə Suriya tutur. Bu nəticələr Azərbaycanın internet infrastrukturunun inkişafının göstəricisi kimi qiymətləndirilir və ölkədə rəqəmsal xidmətlərin keyfiyyətinin artırıldığını göstərir.
Mobil internet sürətinə gəldikdə isə iyul ayında Azərbaycan bir pillə geriləyərək 104 ölkə arasında 56-cı yerdə qərarlaşıb. Bu göstərici 74.76 MB/s təşkil edib. Mobil internetdə lider ölkə BƏƏ, ən aşağı sürətə sahib ölkə isə Boliviyadır.
Mütəxəssislər hesab edir ki, sabit və mobil internet sürətindəki bu dəyişikliklər həm vətəndaşların, həm də biznes sahələrinin internetdən istifadəsini asanlaşdırır və ölkədə rəqəmsal transformasiyanın davam etdiyini göstərir.
Mənbə: ED news