Az | EN

Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq

Bənövşə Kazımova
10 Mart 2023 11:48
538 baxış
Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda "Amazon" və "Ebay"la bağlı e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı (DTH) və Azexport portalının tərəfdaşı EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, layihənin reallaşdırılmasında əsas məqsəd bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlarda dəstək olmaqdır.

2023-cü ilin mart, aprel və may aylarını əhatə edən layihədə iştirak Azərbaycan bizneslərinə beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, logistik imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarını tapmaq imkanı yaradacaq.  Layihə haqqında ətraflı:

Əhatə olunan bazarlar:

- Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It

Əhatə dairəsi:

  • Xüsusi e-ticarət mövzuları və seçilmiş bazarlar (məsələn, Amazon, eBay) üzrə 4 qrup təlimi mart, aprel və may aylarında keçiriləcək
  • Sistem üzərindən audio/video/yazılı fərdi məsləhətləşmələr (hər şirkət üçün 5 saat) mart, aprel, may və iyun aylarında mümkün olacaq

Təlimlərin mövzuları:

  1. Bazarların təqdimatı (hansı məhsullara uyğundur, xüsusi bazarların üstünlükləri, necə qeydiyyatdan keçməli və qeydiyyat üçün tələblər, ödəniş imkanları);
  2. Səhifənin yaradılması, siyahıya salınması və məhsulun yerləşdirilməsi;
  3. Rəqəmsal marketinq strategiyası;
  4. Müştəri dəstəyi;
  5. Brend və hesabın bloklanmasının səbəbləri, habelə vergi və gömrük prosedurları.

Şirkətlərin seçilməsi üçün əsas meyarlar:

  • Seçilmiş bazarda mövcud hesabın olmaması;
  • Yerli və ya qlobal bazarda təcrübə;
  • E-ticarət üçün seçilmiş məhsulun təhlükəsiz, gömrük və sertifikatlaşdırma probleminin olmaması;
  • Məhsulun saxlama müddəti;
  • Təlimlərə vaxt ayırmaq imkanı;
  • İngilis dili biliyi.

Qeydiyyat üçün buraya daxil olmaq lazımdır.

© copyright 2022 | tech.az | info@tech.az