Novruz bayramı ərəfəsində ölkəmizdə ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçiriləcək. Məlumat üçün nəzərinizə çatdıraq ki, "Auto Eko 2023” adı altında avtoşou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunur. Bu barədə məlumat AADA-nın rəsmi internet saytında verilib.
Sərgi 12-14 mart tarixində “Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılması, bayram ərəfəsində Bakı sakinlərinin və qonaqlarının mənalı asudə vaxtının təşkilidir.
Avtoşou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir. Sərginin rəsmi açılışı 12 mart saat 12:00-da olacaq. Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-təqdimatlar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada “Need for speed” kiberoyunu üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Bundan əlavə, avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.