Qanunvericiliyə görə, 2026-cı il yanvarın 1-dən etibarən gücü 60 vatt və daha yüksək olan közərmə lampalarının, 2026-cı il iyulun 1-dən isə gücü 25 vatt (25 vatt daxil olmaqla) ilə 60 vatt arasında dəyişən közərmə lampalarının istehsalı, ölkəyə gətirilməsi və satışı dayandırılacaq. Bu məhdudiyyətlər sənaye sahələrində istifadə edilən, eləcə də işıqlandırma məqsədi daşımayan, texnoloji funksiyalara xidmət edən közərmə lampalarına şamil olunmur.
Aparılan təhlillər göstərir ki, LED lampalar həm enerji sərfiyyatı, həm də maliyyə baxımından közərmə lampalarından xeyli üstünlük təşkil edir. Belə ki, orta hesabla 15 min saat (təxminən 7 il) işləmə müddətinə malik bir ədəd LED lampa 1 000 saatlıq istismar müddəti olan 17 ədəd közərmə lampasını əvəz edə bilir. Eyni səviyyədə işıqlandırma üçün 60 vattlıq közərmə lampası əvəzinə cəmi 7 vatt gücündə LED lampa kifayət edir. Nəticədə, LED lampanın ümumi işıqlandırma xərci 14,4 manat olduğu halda, közərmə lampalarında bu rəqəm 82,2 manata qədər yüksəlir.
Hesablamalara əsasən, 1 milyon ədəd 60 vattlıq közərmə lampasının bir il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi sərfiyyatına səbəb olur. Bu həcmdə enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz tələb olunur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və atmosferə atılan karbon tullantıları 8,6 dəfə azalır. Mövcud 2,7 milyon məişət abunəçisinin yarısının közərmə lampalarından imtina edərək LED lampalara keçəcəyi təqdirdə, gündəlik işıqlandırma üçün sərf olunan elektrik enerjisi 4,86 milyon kVt·saatdan 567 min kVt·saata qədər enə bilər.
Bundan əlavə, LED lampalar aşağı pulsasiya göstəricisinə (təxminən 1%) malik olduğundan göz sağlamlığı baxımından daha təhlükəsiz sayılır. Közərmə lampalarında isə bu göstərici 13% təşkil edir. LED lampalar eyni zamanda civə və digər zərərli maddələr içərmir, daha az istilik buraxır, uzunömürlüdür və gərginlikdə baş verən dəyişikliklərə qarşı daha davamlıdır.
Közərmə lampalarının mərhələli şəkildə istifadədən çıxarılması və LED texnologiyalarına keçid ölkədə enerji səmərəliliyinin yüksəldilməsinə, istehlakçıların xərclərinin azalmasına, ətraf mühitə təsirin minimuma endirilməsinə və dayanıqlı enerji istifadəsi vərdişlərinin formalaşmasına töhfə verir. Bu baxımdan vətəndaşlara və təsərrüfat subyektlərinə enerji baxımından səmərəli işıqlandırma vasitələrinə üstünlük vermələri tövsiyə olunur.
