Kiçik, orta və hətta iri müəssisələr belə süni intellekt texnologiyalarını biznes fəaliyyətlərinə inteqrasiya edərkən, xüsusilə maliyyə və insan resursları baxımından ciddi çətinliklərlə qarşılaşırlar.
Bu barədə Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” çərçivəsində təşkil olunan panel müzakirəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin departament rəhbəri Əzizə Vidadi məlumat verib.
Onun sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün müxtəlif yanaşmalar mövcuddur:
“Məsələn, dövlət-özəl tərəfdaşlığı modeli, Coursera kimi beynəlxalq təlim platformalarının istifadəsi və ya digər əməkdaşlıq mexanizmləri bu istiqamətdə mühüm rol oynaya bilər. 2023-cü ildə StrategEast ilə birgə həyata keçirilən IT Hub layihəsi bunun uğurlu nümunələrindən biridir — bir çox tələbə həmin layihə sayəsində işlə təmin olundu,” — deyə o bildirib.
Əlavə olaraq, Ə.Vidadi qeyd edib ki, İqtisadiyyat Nazirliyi hazırda superkompüter mərkəzinin yaradılması üzərində çalışır. Bu mərkəz kiçik və orta sahibkarlıq subyektlərinin istifadəsi üçün də açıq olacaq.
Superkompüterin 1.3 petaflops səviyyəsində yüksək hesablama gücünə malik olacağını deyən Vidadi vurğulayıb:
“Biz elə bir infrastruktur qurmaq istəyirik ki, burada dövlət qurumları, özəl sektor və universitetlər bir araya gələrək tədqiqat apara, ideyalarını inkişaf etdirə və yeni layihələr üzərində çalışa bilsinlər. Hazırda biz bu məqsədlə ekosistemin ehtiyaclarını toplayırıq.”
