Bu gün axşam saatlarında “TikTok” sosial şəbəkəsi fəaliyyətini bərpa edib. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti verib.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - verilən açıqlamada bildirilib.
Qeyd edək ki, 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlardan sonra ölkəmizdə TikTok-a giriş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvəqqəti olaraq əngəllənmişdi. “TikTok”un bağlanmasına səbəb ordunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılmasının qarşısının alınması olub.