Az | EN

Azərbaycanda yeni İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Nigar Sultanli
25 Noyabr 2025 10:21
54 baxış
Azərbaycanda yeni İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində yaradılan Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) rəsmi açılışı baş tutub. Mərasimdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr və startap təsisçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov universitetin innovasiya sahəsindəki hədəflərindən danışıb. Rektor bildirib ki, yeni mərkəzin yaratdığı geniş imkanlar sayəsində gənc innovatorlar öz ideyalarını sınaqdan keçirə, prototiplər hazırlaya və layihələrini real bazarın tələblərinə uyğunlaşdıra biləcəklər.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov isə öz növbəsində mərkəzin strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, universitet daxilində bu cür mərkəzlərin fəaliyyəti ölkədə startap ekosisteminin inkişafına böyük təkan verir: "ADNSU AİM gələcəkdə dövlət-universitet-biznes modelini birləşdirərək qeyri-neft sektoruna xidmət edəcək sənaye sahələri üçün güclü innovativ təməl yaradacaq. Burada ideyadan son məhsula qədər olan prosesi – mentorluq, inkubasiya, akselerasiya və beynəlxalq əlaqələri dəstəkləyən münbit şərait formalaşdırılıb".

Qeyd edək ki, müasir standartlara cavab verən mərkəz texniki tədqiqatlar, aparat təminatı dizaynı və prototipləşdirmə üçün zəruri avadanlıqlarla təchiz olunub. Bundan əlavə, mərkəzdə istifadəçilər üçün kompüter laboratoriyası, kovörkinq sahələri, eləcə də təlim, toplantı və təqdimatlar üçün xüsusi otaqlar fəaliyyət göstərir.

© copyright 2022 | tech.az | info@tech.az