Az | EN

Çinin LingGuang tətbiqi yüklənmə sayına görə ChatGPT-ni qabaqlayıb

Nigar Sultanli
25 Noyabr 2025 12:19
39 baxış
Çinin LingGuang tətbiqi yüklənmə sayına görə ChatGPT-ni qabaqlayıb

Çinin Ant Group şirkəti tərəfindən hazırlanan LingGuang tətbiqi qısa müddətdə yüklənmə sayına görə OpenAI şirkətinin ChatGPT və Sora 2 məhsullarını geridə qoyub. Tərtibatçıların məlumatına görə, 18 noyabr 2025-ci ildə istifadəyə verilən tətbiq ilk dörd gündə bir milyon, altı gün ərzində isə iki milyondan çox istifadəçi tərəfindən yüklənib.

Süni intellekt əsaslı bu platforma istifadəçilərə sadə mətn əmrləri vasitəsilə 30 saniyə ərzində müxtəlif proqramlar yaratmaq imkanı verir. Vayb-kodinq adlanan bu funksiya vasitəsilə kodlaşdırma biliyi olmadan kalori sayğacı, sadə oyunlar və ya təhsil alətləri hazırlamaq mümkündür. Tətbiq həmçinin interaktiv qrafiklər, 3D modellər və animasiyalar yaratmaq qabiliyyətinə malikdir.

Alibaba qrupunun tərkibinə daxil olan şirkətin bu məhsulu hazırda Çinin App Store mağazasında pulsuz tətbiqlər siyahısında birinci yerdədir. Tətbiqi mağazalardan yükləmək sərbəst olsa da, veb sayt üzərindən sorğu göndərmək üçün Çin mobil nömrəsi tələb olunur. İstifadəçi sayının çoxluğu səbəbindən yaranan müvəqqəti texniki nasazlıqlar şirkət tərəfindən aradan qaldırılıb.

© copyright 2022 | tech.az | info@tech.az