Çağrı mərkəzi əməliyyatlarını süni intellektlə avtomatlaşdıran Luron AI toxumöncəsi mərhələdə 1 milyon dollar investisiya cəlb edib. İnvestisiya turunda e2cvc və TQ Ventures iştirak edib.
Startapın həmtəsisçilərindən biri azərbaycanlı Şəms Polatdır. Harvard Universitydə təhsil alan Polat, University of California, Berkeleydə oxuyan Mert Kaan Atan ilə birlikdə Luron AI-ni qurub. Gənc azərbaycanlı sahibkarın beynəlxalq səviyyədə investisiya cəlb etməsi diqqət çəkir.
Luron AI şirkətlərin səsli və yazılı çağrı mərkəzi proseslərini insan resursundan asılılıqdan çıxararaq tamamilə süni intellektlə idarə olunan səsli assistent ekosisteminə çevirməyi hədəfləyir. Platforma SMS, çat və e-poçt kanalları vasitəsilə müştərilərlə 24/7 əlaqə qurur, təbii və axıcı ünsiyyət təmin edir.
Sistem eyni zamanda görüş təyin etmə, satışın tamamlanması və digər kritik əməliyyatları avtomatik şəkildə icra edə bilir. Yüksək zəng trafiki olan sahələrdə minlərlə paralel danışıq aparmaq imkanı əməliyyat xərclərini azaldır, gözləmə müddətini minimuma endirir və müştəri məmnuniyyətini artırır.
Luron AI əldə etdiyi investisiyanı məhsulun inkişafına və bazar genişlənməsinə yönəltməyi planlaşdırır.
