YouTube platforması reklam bloklayıcı (adblock) istifadə edən istifadəçilərə qarşı tədbirləri sərtləşdirib. Artıq bu cür genişlənmələrdən istifadə edən bəzi istifadəçilər üçün videoların şərh bölməsi və təsvir (description) hissəsi gizlədilir.
Məsələyə ilk olaraq AndroidAuthority jurnalistləri diqqət çəkiblər. Eyni zamanda, Reddit platformasında çoxsaylı istifadəçilər yeni dəyişiklikdən şikayət edirlər.
İstifadəçilərin bildirdiyinə görə, reklam bloklayıcı aktiv olduqda videonun altındakı təsvir bölməsi yoxa çıxır, şərhlərin yerində isə “Şərhlər deaktiv edilib” yazısı görünür. Genişlənmə söndürüldükdə isə bütün bölmələr yenidən aktivləşir.
Hazırda bunun Google tərəfindən qəsdən tətbiq olunan məhdudiyyət olub-olmadığı, yoxsa reklam bloklayıcıların saytın iş prinsipinə təsiri nəticəsində yarandığı məlum deyil.
