Az | EN

Keçmiş SpaceX mühəndisləri 50 milyon dollar investisiya aldı

Cəmil Hüseynzadə
17 Fevral 2026 23:34
45 baxış
Keçmiş SpaceX mühəndisləri 50 milyon dollar investisiya aldı

SpaceX şirkətində birlikdə çalışmış üç mühəndis – Travis Brashears, Cameron Ramos və Serena Grown-Haeberli – yeni startapla bazara çıxıblar. Onların təsis etdiyi Mesh Optical Technologies A seriyası investisiya mərhələsində 50 milyon dollar vəsait cəlb edib. Raunda Thrive Capital liderlik edib.

Təsisçilər SpaceX-də minlərlə Starlink internet peykini daimi əlaqədə saxlayan optik kommunikasiya sistemləri üzərində çalışıblar. Yeni şirkət isə optik ötürücü-qəbuledicilərin (optical transceivers) kütləvi istehsalını hədəfləyir. Bu qurğular fiber və ya lazer vasitəsilə ötürülən optik siqnalları kompüterlər üçün elektrik siqnallarına çevirir.

Şirkət rəhbərlərinin sözlərinə görə, yeni nəsil yüksək hesablama gücü tələb edən peyklərin hazırlanması zamanı mövcud optik ötürücü bazarının məhdudiyyətləri aydın görünüb və bu da onları yeni həll yaratmağa sövq edib.

Optik ötürücülər xüsusilə böyük süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün qurulan data mərkəzlərində kritik rol oynayır. Onlar çoxsaylı GPU-ların paralel və koordinasiyalı işləməsinə imkan verir. ABŞ-da fəaliyyət göstərən AOI şirkəti ötən il Amazon Web Services (AWS) data mərkəzləri üçün komponentlərin tədarükünə dair 4 milyard dollarlıq müqavilə qazanıb.

Mesh Optical Technologies-in baş direktoru Brashears bildirib ki, böyük GPU klasterlərində istifadə olunan ötürücü sayı gözləniləndən qat-qat çoxdur: “Kimsə bir milyonluq GPU klasterindən danışırsa, oradakı ötürücü sayını hesablamaq üçün bunu dörd-beş dəfə artırmaq lazımdır”.

Şirkət ilin sonunadək gündə min ədəd istehsal gücünə çatmağı planlaşdırır. Məqsəd 2027–2028-ci illərdə iri həcmli sifarişlər üçün sertifikasiya prosesinə başlamaqdır.

Hazırda optik ötürücü bazarında Çin şirkətləri üstünlük təşkil edir. Mesh isə təchizat zəncirini bu ölkədən kənarda qurmağın strateji üstünlük verəcəyini düşünür. Təsisçilər və investorlar bunu gələcəkdə yarana biləcək milli təhlükəsizlik risklərinə qarşı qabaqlayıcı addım kimi qiymətləndirirlər.

© copyright 2022 | tech.az | info@tech.az