Az | EN

Azərbaycanlı tələbələr BƏƏ-də kosmik mərkəzdə təcrübə keçiblər

Cəmil Hüseynzadə
26 Sentyabr 2024 18:32
277 baxış
Azərbaycanlı tələbələr BƏƏ-də kosmik mərkəzdə təcrübə keçiblər

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) keçirilən təcrübə proqramında iştirak ediblər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə bir qrup tələbə bu nüfuzlu mərkəzdə təlimlər və praktiki təcrübə sessiyalarında iştirak ediblər.

Bir həftə davam edən proqram çərçivəsində tələbələr MBRSC-nin mütəxəssislərinin rəhbərliyi ilə müxtəlif texniki problemlərin həllinə dair tapşırıqları yerinə yetirib, elmi tədqiqat işləri üzərində çalışıblar. Proqram zamanı kosmik və aerokosmik analoq sistemlər, informasiya təhlükəsizliyi, kompüter və elektron mühəndisliyi, astronavt hazırlığı, məsafədən idarəetmə sistemləri kimi mövzulara dair geniş biliklər əldə ediblər. Həmçinin BƏƏ Ay Proqramı və BƏƏ Mars Missiyası kimi vacib layihələrlə bağlı praktiki bacarıqlar qazanıblar.

Xüsusilə vurğulamaq lazımdır ki, azərbaycanlı tələbələr ərəb dünyasının ilk qadın astronavtı Nora Almatrouşi ilə görüşərək onun master-klassında iştirak ediblər və bu, onlara unikal təcrübə qazandırıb.

Bu təcrübə proqramının məqsədi Azərbaycanın gənc mütəxəssislərini kosmos sənayesində inkişaf etdirmək, onların beynəlxalq layihələrdə iştirakını təmin etmək və ölkəmizin bu sahədə potensialını genişləndirməkdir.

Tələbələr sonda sertifikatlarla təltif edilərək proqramdan məzun olublar.

© copyright 2022 | tech.az | info@tech.az