Mərkəzi Avrasiya tarixində ən böyük startap müsabiqəsi olan “Road to Battlefield” başa çatıb. 27 ölkədən 485 müraciət arasından seçilən startaplar arasında Polygraph AI xüsusi diqqət çəkib. Azərbaycanın gənc təsisçisi tərəfindən qurulan bu startap, yarışmanın 4 qalibindən biri olaraq TechCrunch Startup Battlefield 200-də iştirak hüququ qazanıb.
Müsabiqə Silkroad Innovation Hub, TechCrunch və Freedom Holding tərəfdaşlığı ilə təşkil olunub və regionun innovasiya xəritəsində tarixi dönüş nöqtəsi hesab olunur. Yekun mərhələdə Polygraph AI (Azərbaycan–ABŞ), QuickShipper (Gürcüstan), Surfaice (Qazaxıstan–ABŞ) və ArtSkin (Qırğızıstan–Qazaxıstan) qalib seçilib.
Polygraph AI süni intellekt təhlükələrinin aşkarlanması və qorunması üçün lokal olaraq tətbiq olunan sürətli və dəqiq həllər təqdim edir. Startapın təsisçisi Yaqub Rəhimov bildirib ki, onların məqsədi yalnız regionda deyil, qlobal miqyasda da süni intellekt təhlükəsizliyi üzrə lider olmaqdır:
“Biz artıq South by Southwest və Summerfest Tech AI Summit kimi beynəlxalq yarışmalarda uğur qazanmışıq. İndi isə məqsədimiz TechCrunch Startup Battlefield-in qalibi olmaqdır.”
Azərbaycan Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin sədri Fərid Osmanov isə yarışma ilə bağlı deyib:
“Polygraph AI-nin bu uğuru Azərbaycan startap ekosisteminin sürətlə inkişaf etdiyini göstərir. Bu, ölkəmizin qlobal innovasiya xəritəsində mövqeyini daha da gücləndirir.”
Qeyd edək ki, qaliblər 27–29 oktyabr tarixlərində San-Fransiskoda keçiriləcək TechCrunch Disrupt 2025 tədbirində dünyanın ən perspektivli startapları ilə yanaşı səhnəyə çıxacaqlar.