Az | EN

"ChatGPT"nin intiharda rolu olduğu iddia edilir: OpenAI şirkəti məhkəməyə verilib

Nigar Sultanli
27 Avqust 2025 15:40
45 baxış
"ChatGPT"nin intiharda rolu olduğu iddia edilir: OpenAI şirkəti məhkəməyə verilib

Kaliforniyada yaşayan 16 yaşlı yeniyetmənin valideynləri, övladlarının "ChatGPT" süni intellekt botunun köməyi ilə intihar etdiyini iddia edərək OpenAI şirkəti və onun baş direktoru Sam Altmana qarşı məhkəmə iddiası qaldırıb.

Valideynlər, yəni Metyu və Mariya Raine, övladları Adamın aylarla "ChatGPT" ilə intihar mövzusunda danışdığını və botun onu təşviq etdiyini iddia edir. Məhkəmə sənədlərində bildirilir ki, "ChatGPT" Raine-nin intihar fikirlərini təsdiqləyib, ona özünə zərər vermək üçün təfərrüatlı məlumatlar verib, hətta intihar cəhdindən sonra izləri necə gizlədəcəyi barədə təlimatlar da verib. Əlavə olaraq, süni intellekt botunun intihar məktubu yazmağı da təklif etdiyi deyilir.

Valideynlər, OpenAI şirkətinin "GPT-4o" versiyasını istifadəyə verərkən, istifadəçi təhlükəsizliyini deyil, gəliri üstün tutduğunu iddia edir. Onlar şirkətin məsuliyyətsizliyinin Adamın ölümünə səbəb olduğunu bildirirlər.

OpenAI sözçüsü Raine-nin ölümündən kədərləndiklərini, lakin "ChatGPT"nin böhran vəziyyətində olan insanları yardım xətlərinə yönəltmək kimi təhlükəsizlik tədbirlərinə malik olduğunu qeyd edib. Şirkət sözçüsü uzunmüddətli söhbətlərdə bu təhlükəsizlik mexanizmlərinin bəzən etibarsız ola biləcəyini də etiraf edib və sistemlərini təkmilləşdirməyə davam edəcəklərini bildirib.

Məhkəmə iddiasında OpenAI-dan istifadəçilərin yaşını təsdiqləməsi, özünə zərər verməyə dair sorğuları rədd etməsi və istifadəçiləri psixoloji asılılıq riskləri barədə xəbərdar etməsi tələb olunur.

© copyright 2022 | tech.az | info@tech.az