Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib.
Təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.
“Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “BakıKart”ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin, istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir”, - deyə o qeyd edib.
“BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdiyi mobil nömrə və şifrə daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək olar”, - deyə A.Rzayev əlavə edib.
Mobil tətbiqin əsas üstünlükləri:
- QR biletlər 5 dəqiqə üçün aktiv olur. 5 dəqiqə müddəti bitdikdə biletin müddəti bitmiş sayılır və istifadə edilməyən QR məbləği bloklanır və 72 saat içində balansa geri qayıdır.
- Avtobusların harada olduğunu, yaxındakı dayanacaqları, dayanacaqda hansı avtobusların keçdiyi, neçə dəqiqəyə gələcəyini bilmək mümkündür. Həmçinin, mobil tətbiqlə səyahət planlar, yəni bir yerdən başqa yerə getdikdə hansı avtobuslardan istifadə etmək lazım olduğunu da müəyyənləşdirmək mümkündür.
- Mobil tətbiqlə saytda olduğu kimi karta pul yükləmək olar. İstifadəçi tətbiqdə favorit ünvanlar seçib ona görə avtobus məlumatlarını görmə bilər.