Dekabr ayının 13-də Bakıda 2-ci dəfə İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib. “Bakı dünyaya səslənir!” şüarı ilə Azərbaycanda ikinci dəfə “PAŞA Holding” tərəfindən təşkil olunmuş sammit “Visa”, "Bakcell", "PAŞA Bank", "PAŞA Həyat", "Kapital Bank", "PAŞA Sığorta", "Socar", "PashaPay" və Azərbaycan Supermarketlər şəbəkəsinin dəstəyi ilə reallaşıb.
Sammitin açılışında Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək yerli innovasiya ekosisteminin perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Sammitdə eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva innovasiyaları dəstəkləyən və idarə edən ekosistemin qurulması üsulları mövzusunda baş tutan panel sessiyasında çıxış edib.
Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin və startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, eləcə də vörkşoplar baş tutub. Burada dövlət qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri bu sahə üzrə təcrübələrini, eyni zamanda innovasiyanın biznesdə tətbiqi təcrübəsini müzakirə edib. Sammitdə Liderlik üzrə tanınmış ekspert Robin Şarma, Qlobal innovasiya üzrə ekspert Kian Qohar, FinTech sahəsi üzrə mütəxəssis Kris Skiner və digər məşhur məruzəçilər iştirak edib. Qonaq məruzəçilər panel müzakirələrində, çıxışlarda liderlik, innovasiya ekosistemində rəqabətlilik, dəyişən qlobal mənzərədə şirkətlərin texnoloji və innovativ mühitə inteqrasiyası, telekommunikasiya, maliyyə sahələrində rəqəmsala sürətli keçid mövzularında, innovasiyaların rəqabət üstünlüklərini necə təmin etməsi və gələcəyə hazır düşüncə tərzinin formalaşması ilə bağlı mövzularda dəyərli fikirlərini bölüşüblər.
Qeyd edək ki, tədbirə yerli və beynəlxalq təşkilatlardan 500-ə yaxın biznes və sənaye lideri qatılıb.
