OpenAI korporativ müştərilərdən gəlirlərin artırılması strategiyasını gücləndirmək məqsədilə Slack-ın baş direktoru Deniz Dresseri şirkətə cəlb edib. Bloomberg-in məlumatına görə, Dresser OpenAI-da chief revenue officer – gəlir üzrə direktor vəzifəsini icra edəcək.
Dresser 2023-cü ildən Slack-a rəhbərlik edirdi, ondan əvvəl isə 12 il Salesforce-da çalışıb. Onun əsas vəzifəsi OpenAI-ın biznes sektorunda məhsullarının tətbiqini genişləndirmək və korporativ müştərilərdən gəlir axınını artırmaq olacaq.
Media yazır ki, OpenAI süni intellekt infrastrukturuna təqribən 1,4 trilyon dollarlıq investisiya planlarını əsaslandırmaq üçün gəlirlərini sürətlə artırmağa çalışır. TechCrunch Dresserin rolunu şirkətin gəlirli olmağa doğru addımlarında “açar mövqedə” kimi qiymətləndirir.
Wired-in məlumatına görə, Slack-da isə rəhbərlik müvəqqəti olaraq şirkətin məhsul direktoru Rob Simana həvalə ediləcək.
