Berkshire Hathaway şirkəti Uorren Baffetin 60 illik rəhbərlikdən sonra baş icraçı direktor vəzifəsini tərk etməsindən əvvəl sonuncu dəfə öz səhm portfelini açıqlayıb. Cümə günü açıqlanan sənədlərdə şirkətin Google-un ana şirkəti olan Alphabet-ə 4.3 milyard dollarlıq yeni investisiya qoyduğu və Apple-dakı payını daha da azaltdığı məlum olub.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, "Berkshire" 30 sentyabr tarixinə 17.85 milyon Alphabet səhminə sahibdir. Bu, Alphabet-i şirkətin ən böyük on səhm holdinqindən birinə çevirib. Eyni zamanda, "Berkshire" üçüncü rübdə Apple-dakı səhm payını 280 milyon ədəddən 238.2 milyon ədədə endirib. Şirkət bir vaxtlar sahib olduğu 900 milyondan çox Apple səhminin demək olar ki, dörddə üçünü satmış olsa da, Apple 60.7 milyard dollar dəyərindəki payla "Berkshire"-in ən böyük səhm mövqeyi olaraq qalır.
Alphabet-ə investisiya qoyulması, Baffetin adətən dəyər investisiyası üslubunu və texnologiya şirkətlərindən çəkinməsini nəzərə alanda bir qədər təəccüblü qarşılanıb (Baffet iPhone istehsalçısı olan Apple-ı daha çox istehlak məhsulları şirkəti kimi gördüyünü bildirmişdi). Maraqlıdır ki, 2019-cu ildə "Berkshire"-in illik səhmdar yığıncağında həm Baffet, həm də onun mərhum müavini Çarli Manger (Charlie Munger) vaxtilə Google-a investisiya etmədikləri üçün peşman olduqlarını dilə gətirmişdilər.
Ümumilikdə, "Berkshire" iyul-sentyabr ayları arasında 6.4 milyard dollarlıq səhm alıb və 12.5 milyard dollarlıq səhm satıb. Beləliklə, şirkət ardıcıl 12-ci rübdür ki, xalis səhm satıcısı olub. Bu satışlar fonunda şirkətin nağd pul ehtiyatı rekord həddə - 381.7 milyard dollara çatıb. Digər portfel dəyişiklikləri arasında "Berkshire"-in "Bank of America"-dakı səhmlərinin 6%-ni satması, "DR Horton" şirkətindəki payını tamamilə ləğv etməsi, "Chubb" sığorta şirkəti və "Domino's Pizza"-dakı paylarını isə artırması yer alıb.
Baffet, 1.1 trilyon dollarlıq konqlomeratın idarəçiliyini yanvarın 1-də Qreq Abelə təhvil verməyə hazırlaşır. Analitiklər bildirir ki, "Berkshire" nağd pul ehtiyatlarını artırmaqla şirkətlərin yüksək dəyərləndirmələri ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir.
