Nazirlər Kabineti “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”ni təsdiq edib.
Techaz media xəbər verir ki, qərara əsasən, Energetika Nazirliyi:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin ( BOEMİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli;
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə BOEMİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;
- BOEMİS-in Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların BOEMİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Bu Əsasnamə Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin (BOEMİS) formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir .BOEMİS Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə güc, istehsal, istehsal nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi və qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə olunan gəlirin həcminə dair rüblük və illik məlumatların təqdim edilməsini təmin edir və BOEMİS-in tərkib hissəsi olaraq bərpa olunan enerji mənbələri atlası yaradılır. BOEMİS-də yaradılan, əldə edilən və toplanılan informasiya Azərbaycan Respublikasının mülkiyyətidir. Nəzərdə tutulmuş məlumatların BOEMİS vasitəsilə əldə edilməsinə görə ödəniş tələb olunmur.
BOEMİS-in strukturu aşağıdakı modullardan ibarətdir:
- “atlas” modulu;
- “istifadəçilər” modulu;
- “məlumatlar” modulu;
- “təhlil və hesabat” modulu;
- ”təlimat” modulu.
BOEMİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:
- “atlas” modulu vasitəsilə ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi;
- “istifadəçilər” modulu vasitəsilə sistemdə istifadəçi hesablarının yaradılması, istifadəçi hesablarının dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;
- “məlumatlar” modulu vasitəsilə bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə aşağıdakı rüblük və illik məlumatların idarə edilməsi:
- stansiyanın layihədə nəzərdə tutulmuş gücü;
- hesabat dövründə stansiyada istehsal olunan elektrik enerjisinin həcmi;
- hesabat dövründə stansiyanın istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi;
- qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcmi;
- “təhlil və hesabat” modulu vasitəsilə bir neçə mənbədən əldə edilmiş məlumatların ümumiləşdirilmiş təhlili, müxtəlif parametrlərə görə hesabatların alınması;
- “təlimat” modulu vasitəsilə istifadəçilər üçün hesabatlılıq və məlumatların toplanması proseslərinin səmərəliliyini artırmaq üçün rəhbər metodiki xarakterli məlumatların (o cümlədən mini-vebinar və videotreninqlər vasitəsilə) təqdim edilməsi.
BOEMİS-ə daxil edilən, habelə EHİS vasitəsilə BOEMİS-ə ötürülən məlumatlar aşağıdakılardır:
- dövlət torpaq, su, meşə və digər kadastrların bərpa olunan enerji mənbələrinin ərazilərinə dair milli məkan məlumatları;
- bərpa olunan enerji mənbələrinin ərazilərinin yaxınlığında yerləşən ötürücü və paylayıcı elektrik şəbəkəsinə dair milli məkan məlumatları;
- bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiyanın layihədə nəzərdə tutulmuş gücünə dair məlumatlar;
- bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə rüblük və illik istehsal olunan elektrik enerjisinin həcminə dair məlumatlar;
- bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə rüblük və illik istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcminə dair məlumatlar;
- qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcminə dair məlumatlar.
Dövlət orqanları (qurumları) informasiya sistemlərinə və ehtiyatlarına malik olduqda, həmin informasiya sistemləri və ehtiyatları EHİS vasitəsilə BOEMİS-ə inteqrasiya olunduqdan sonra bərpa olunan enerji mənbələri ilə bağlı formalaşdırdıqları məlumatları (sənədləri) real vaxt rejimində BOEMİS-ə ötürürlər. BOEMİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir. BOEMİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların (sənədlərin) BOEMİS-ə daxil edilməsi inteqrasiya pəncərəsi vasitəsilə həyata keçirilir.