Az | EN

Bill Geytsin qızının startapı 30 milyon dollar investisiya topladı

Nigar Sultanli
08 Dekabr 2025 11:26
37 baxış
Bill Geytsin qızının startapı 30 milyon dollar investisiya topladı

Bill Geytsin qızı Fibi Geytsin həmtəsisçisi olduğu "Phia" startapı növbəti investisiya raundunda 30 milyon dollar vəsait cəlb edib. Bloomberg-in məlumatına görə, bu investisiyadan sonra şirkətin ümumi dəyəri 180 milyon dollar olaraq qiymətləndirilir. 

Phia tətbiqini 2025-ci ilin aprelində Fibi Geyts və onun Stenford universitetindəki otaq yoldaşı Sofiya Kianni birgə yaradıblar. Tətbiq həm iOS platformasında, həm də Google Chrome brauzerində əlavə (extension) kimi işləyir.

Süni intellekt əsasında işləyən bu servis onlayn alış-verişi xeyli asanlaşdırır. Phia istifadəçilərə bəyəndikləri geyimlərin, ayaqqabı və aksesuarların oxşarlarını tapmaqda kömək edir. Sistem həm yeni, həm də "ikinci əl" məhsullar arasında axtarış aparır.

Servisin əsas özəlliklərindən biri qiymət təhlilidir: o, sizə tapılan məhsulun qiymətinin nə dərəcədə sərfəli olduğunu (ucuz, orta və ya baha) dərhal göstərir. Platforma hazırda 40 mindən çox satış saytındakı təklifləri bir bazada birləşdirir.

Startap qısa müddətdə ciddi uğur qazanıb. Noyabr ayına olan məlumata görə, tətbiq artıq 750 min dəfə yüklənib.

Qeyd edək ki, hələ sentyabr ayında keçirilən ilkin mərhələdə şirkət 8 milyon dollar sərmayə toplamışdı. Həmin vaxt layihəyə pul yatıranlar arasında Heyli Biber (Hailey Bieber) və Kris Cenner (Kris Jenner) kimi məşhurlar da var idi.

© copyright 2022 | tech.az | info@tech.az