Az | EN

Tim Kuk istefa verməyi düşünən Apple-ın vitse-prezidentini şirkətdə saxlamağa çalışır

Nigar Sultanli
08 Dekabr 2025 11:11
55 baxış
Tim Kuk istefa verməyi düşünən Apple-ın vitse-prezidentini şirkətdə saxlamağa çalışır

Uzun illər kadr sabitliyi ilə seçilən Apple son dövrlərdə rəhbər heyətdə ciddi dəyişikliklərlə üzləşib. Bloomberg agentliyinin məlumatına görə, şirkətin aparat texnologiyaları üzrə baş vitse-prezidenti Coni Sruci yaxın gələcəkdə vəzifəsini tərk etməyi düşünür. Mənbələr bildirir ki, o, bu barədə artıq şirkətin rəhbəri Tim Kuka məlumat verib və istefa edəcəyi təqdirdə fəaliyyətini başqa yerdə davam etdirəcəyini qeyd edib.

Tim Kuk əsas mütəxəssislərindən birini itirməmək üçün Sruciyə daha yüksək kompensasiya paketi və əlavə səlahiyyətlər təklif edir. Müzakirə olunan variantlardan biri onun baş texniki direktor (CTO) vəzifəsinə yüksəldilməsidir. Lakin agentlik qeyd edir ki, bu ssenari reallaşarsa, hazırkı aparat təminatı rəhbəri Con Ternusun baş direktor (CEO) postuna keçidi tələb oluna bilər.

65 yaşlı Tim Kukun vəzifəsini tərk edəcəyi gözlənilməsə də, Con Ternus gələcəkdə onun əsas xələflərindən biri kimi göstərilir.

Apple-da kadr itkiləri bununla yekunlaşmır. 2025-ci ilin dekabrında süni intellekt strategiyası üzrə rəhbər Con Cannandrea və interfeys dizaynı rəhbəri Alan Dayın gedişi təsdiqlənib. Bundan əvvəl, baş əməliyyat direktoru Ceff Vilyams, sənaye dizaynı rəhbəri Evans Henki və Siri layihəsinə cavabdeh olan digər idarəçilər də şirkəti tərk ediblər. Gedənlərin bir qismi təqaüdə çıxıb, digərləri isə başqa şirkətlərə keçib. Apple məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

© copyright 2022 | tech.az | info@tech.az