Az | EN

Gemini artım tempinə görə ChatGPT-ni üstələməyə başlayıb

Nigar Sultanli
08 Dekabr 2025 11:48
39 baxış
Gemini artım tempinə görə ChatGPT-ni üstələməyə başlayıb

Sensor Tower analitik şirkətinin yeni məlumatlarına görə, ChatGPT-nin böyümə tempi səngiməyə başlayıb. Buna baxmayaraq, OpenAI-ın məhsulu hələ də bazarın lideridir: qlobal mobil yükləmələrin 50%-i və aylıq aktiv istifadəçilərin 55%-i məhz onun payına düşür. Lakin Google-un Gemini çat-botu yükləmə sayı, istifadəçi artımı və tətbiqdə keçirilən vaxt baxımından rəqibini üstələməyə başlayıb.

Bu tendensiya Google-a gələcəkdə ChatGPT ilə aradakı fərqi azaltmağa kömək edə bilər. Məhz bu təhlükəni nəzərə alan OpenAI rəhbəri Sem Altman bu yaxınlarda şirkətdə "Qırmızı Kod" elan edərək, komandanı məhsulların fərdiləşdirilməsi və etibarlılığını artırmağa yönəltmişdi.

2025-ci ilin avqust-noyabr ayları ərzində ChatGPT-nin qlobal aylıq aktiv istifadəçi sayı cəmi 6% artaraq təxminən 810 milyon nəfərə çatıb. Analitiklər bu zəif artımı bazarın artıq doyma həddinə yaxınlaşması ilə izah edirlər.

Müqayisə üçün, eyni dövrdə Google Gemini-nin istifadəçi bazası 30% artıb. Bu kəskin artımın əsas səbəbi kimi sentyabr ayında təqdim edilən və böyük maraq doğuran "Nano Banana" modeli göstərilir.

Hesabatda qeyd olunur ki, ABŞ-dəki Android istifadəçiləri Gemini-dən ayrı tətbiq kimi yox, daha çox əməliyyat sisteminin daxili funksiyası kimi istifadə edirlər (bu göstərici tətbiq istifadəsindən iki dəfə çoxdur). Android-in qlobal bazardakı hökmranlığını nəzərə alsaq, bu amil Google-a ciddi rəqabət üstünlüyü verir.

Bazarda təkcə Google və OpenAI mübarizə aparmır. Perplexity və Claude kimi rəqiblər də 2025-ci ildə üçrəqəmli böyümə nümayiş etdiriblər (müvafiq olaraq 370% və 190% illik artım).

İstifadəçilərin tətbiqdə keçirdiyi vaxta gəldikdə isə Gemini burada da irəliləyişdədir. Noyabr ayında Gemini istifadəçiləri tətbiqdə gündəlik orta hesabla 11 dəqiqə vaxt keçiriblər ki, bu da mart ayı ilə müqayisədə 120% çoxdur. ChatGPT-də isə bu göstərici demək olar ki, dəyişməz qalıb, hətta noyabrda iyul ayı ilə müqayisədə 10% azalma müşahidə olunub.

© copyright 2022 | tech.az | info@tech.az