Meta şirkəti süni intellekt əsaslı ağıllı cihazların hazırlanması ilə məşğul olan Limitless startapını satın alıb. Tərəflər sövdələşmənin maliyyə dəyərini açıqlamayıblar.
Meta nümayəndəsi xəbəri təsdiqləyərək bildirib ki, Limitless komandasının qoşulması şirkətin taxıla bilən süni intellekt texnologiyaları üzərindəki işini xeyli sürətləndirəcək.
2022-ci ildə Den Siroker və Brett Beyçek tərəfindən yaradılan startap əvvəllər "Rewind" adlanırdı. 2024-cü ildə rebrendinq edən komanda neyron şəbəkələr əsasında işləyən xüsusi ağıllı cihaz təqdim etmişdi.
Geyimə bərkidilə bilən bu cihaz gündəlik söhbətləri və iclasları səsli qeyd edir, daha sonra mətni deşifrə edərək qısa qeydlər hazırlayır. Satışa çıxarıldığı vaxt cihazın qiyməti 99 dollar təşkil edirdi.
Limitless bəyan edib ki, Meta tərəfindən alındıqdan sonra cihazların satışı dayandırılacaq. Lakin mövcud müştərilərə ən azı bir il ərzində texniki dəstək göstərilməyə davam ediləcək və onlar xidmətdən pulsuz istifadə edə biləcəklər. Startap həmçinin istifadəçilərə tətbiqdəki bütün məlumatlarını istənilən vaxt silmək imkanı da verir.
Qeyd edək ki, bu sahədə rəqabət artmaqdadır. İyul ayında Amazon oxşar texnologiyaya malik "Bee" startapını satın almışdı. Meta özü isə hazırda Ray-Ban brendi ilə birlikdə "ağıllı" eynəklər istehsal edir.
