BlackRock İlon Maskın kosmik texnologiyalar şirkəti SpaceX-in ilkin kütləvi təklifində (IPO) ən azı 5 milyard dollar dəyərində səhm almaq niyyətindədir. Bu barədə The Wall Street Journal məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, SpaceX IPO vasitəsilə təxminən 75 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Şirkətin bazar dəyərinin isə 1,8 trilyon dollar səviyyəsində qiymətləndirildiyi bildirilir. Bu göstəricilər təsdiqlənərsə, SpaceX tarixdə ən böyük IPO-lardan birinə imza ata bilər.
Bildirilir ki, sifariş kitabı artıq bağlanıb və investisiya bankları Nasdaq birjasında planlaşdırılan listinq öncəsi səhm bölgüsünü müəyyənləşdirirlər. Daha əvvəl yayılan məlumatlara görə, SpaceX IPO çərçivəsində səhmlərin 30%-ə qədərini fərdi investorlar üçün ayırmağı da nəzərdən keçirir.
Şirkət və BlackRock məsələ ilə bağlı rəsmi şərh verməyib.
