Böyük Britaniyada yüz minlərlə şirkəti təmsil edən antimonopoliya hüququ üzrə ekspert Or Bruk, "Google" şirkətinə qarşı 6,6 milyard dollar məbləğində kollektiv iddia qaldırıb. İddiaçıların əsas arqumentinə görə, Google onlayn axtarış bazarında rəqabəti məhdudlaşdırmaq və öz üstün mövqeyindən sui-istifadə etmək yolu ilə reklam qiymətlərini süni şəkildə artırıb.
İddia 2011-ci ildən 2025-ci ilə qədər Google vasitəsilə reklam yerləşdirən Britaniya şirkətlərinin maraqlarını əhatə edir. Sənədlərdə göstərilir ki, Google smartfon istehsalçıları ilə müqavilələr bağlayaraq öz axtarış sistemi və Chrome brauzerinin Android cihazlara əvvəlcədən quraşdırılmasını təmin edib. Bundan əlavə, Google Apple şirkətinə milyardlarla dollar ödəyərək Safari brauzerində öz axtarış sisteminin əsas seçim kimi təyin olunmasına nail olub.
Or Brukun sözlərinə görə, bu cür təcrübələr reklam yerləşdirmək istəyən şirkətlərin alternativ platformalara çıxış imkanlarını məhdudlaşdırıb və nəticədə onlar Google-a yüksək məbləğlər ödəməyə məcbur olublar. Başqa sözlə, şirkətlər ədalətli və rəqabətli reklam bazarına çıxış imkanından məhrum ediliblər.
Google isə bu iddianı “əsassız və fürsətçi” adlandıraraq, məhkəmə qarşısında özünü müdafiə edəcəyini bildirib.
Qeyd edək ki, bu, Google-un rəqəmsal reklam və axtarış sahəsində dominant mövqeyindən sui-istifadə etməsi ilə bağlı ilk dəfə ittiham olunması deyil. Avropa Komissiyası 2017, 2018 və 2019-cu illərdə şirkəti oxşar səbəblərə görə milyardlarla avro məbləğində cərimələyib. Həmin cərimələrdən bəziləri daha sonra məhkəmələr tərəfindən ləğv olunub.