Netflix və Amerika Kosmik Agentliyi NASA, 2025-ci ilin yayı üçün yeni əməkdaşlıq elan edib. Bu əməkdaşlıq nəticəsində Netflix abunəçiləri ilk dəfə olaraq kosmosdan canlı yayımları izləyə biləcəklər.
İzləyicilər raket buraxılışları, astronavtların kosmosda gəzintiləri (spacewalk) və Beynəlxalq Kosmik Stansiyadan Yerə canlı görüntüləri izləmək imkanı əldə edəcəklər. Bundan əlavə, NASA-nın 2023-cü ildə istifadəyə verdiyi reklamsız yayım platforması NASA+ tətbiqinin bəzi məzmunları da Netflix-də təqdim olunacaq.
Bu addım Netflix-in canlı yayımları genişləndirmək cəhdinin bir hissəsidir. İndiyə qədər platformada canlı yayımlar əsasən öz istehsalı olan stand-up çıxışları, mükafatlandırma mərasimləri və idman tədbirləri ilə məhdud idi. Son zamanlar Netflix canlı idman oyunları və şoular üçün Fransadakı TF1 kanalı ilə də əməkdaşlıq etmişdi.
NASA isə son illər kosmos həvəskarlarını daha geniş auditoriyaya çatdırmaq üçün bir neçə rəqəmsal platforma ilə işləməyə başlayıb. Məsələn, 2025-ci ilin mayında Prime Video platformasında canlı yayım kanalı açıb, həmçinin YouTube və NASA-nın rəsmi saytında da kontent təqdim edir.
Bu əməkdaşlıq nəticəsində həm Netflix istifadəçiləri maraqlı və unikal canlı yayımlara çıxış əldə edəcək, həm də NASA kosmos mövzusunu daha geniş izləyici kütləsinə çatdırmaq imkanı qazanacaq.