Böyük Britaniya dünyada ilk dəfə yetkinlik yaşına çatmayanlara aid intim görüntülər yaradan və yayan süni intellekt alətlərini qadağan edəcək
Qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.
The Guardian xəbər verir ki, belə alətlərin yaradılması, yayılması və onlara sahiblik beş ilədək həbs cəzası ilə cəzalandırıla bilər. BBC isə bildirir ki, bu cür neyron şəbəkələrdən istifadə üzrə təlimatları saxlayan şəxslərə üç ilədək, bu görüntülərin yayımlandığı saytların operator və moderatorlarına isə on ilədək həbs cəzası verilə bilər.
Hazırda İngiltərə və Uels qanunlarına əsasən, uşaq pornoqrafiyasına sahib olmaq, onu yaratmaq və yaymaq qadağandır. Lakin süni intellekt vasitəsilə yaradılan saxta intim görüntülərin artması səbəbindən qanunvericiliyin daha da sərtləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, razılıq verilmədən istənilən yaş qrupuna aid çılpaq dipfeyk görüntülərin yaradılmasının da qadağan edilməsi planlaşdırılır. Hazırda qanun yalnız bu cür görüntülərin yayılmasını cəzalandırır.