OpenAI şirkətinin rəhbəri Sem Altman yaxın vaxtlarda podkast müsahibəsində açıqlayıb ki, istifadəçilər, xüsusilə gənclər, ChatGPT ilə çox şəxsi və həssas mövzuları müzakirə edirlər. Onlar bu süni intellektdən bəzən terapevt və ya məsləhətçi kimi istifadə edir, münasibətləri, psixoloji vəziyyətləri və digər şəxsi problemləri onunla bölüşürlər.
Sem Altman bu yazışmaların hüquqi qorunmasının vacibliyini vurğulayıb və hesab edir ki, ChatGPT ilə olan söhbətlər həkim və ya hüquqşünasla danışıq kimi gizli saxlanmalıdır. Lakin hazırda ABŞ-də məhkəmələr ChatGPT istifadəçilərinin söhbətlərini tələb edə bilir və OpenAI şirkəti məhkəmə qərarına əsasən bu məlumatları təqdim etməyə məcburdur.
Onun sözlərinə görə, OpenAI hazırda bütün istifadəçilərin yazışmalarını 30 gün müddətində serverlərində saxlayır. Amma “The New York Times” ilə gedən müəllif hüquqları məhkəməsi zamanı şirkət sözügedən istifadəçilərin söhbətlərini məhkəmə prosesi bitənə qədər silməməlidir. Bu qayda həm pulsuz istifadəçilər, həm də Plus, Pro və Team abunəçiləri üçün keçərlidir. Enterprise və Edu plan istifadəçilərinin söhbətləri isə saxlanmır.
İyun 2025-ci ildə məhkəmə OpenAI-yə tapşırıb ki, istifadəçilərin hətta özləri tərəfindən silinmiş söhbətləri də müəyyən müddətə saxlasın. Bu, “The New York Times” ilə davam edən hüquqi mübahisənin tələbi ilə əlaqədardır.
Sam Altman bildirir ki, bu mövzu təcili şəkildə həll olunmalıdır, çünki istifadəçilərin məxfiliyi qorunmalıdır və onlar süni intellektlə olan yazışmalarında da həkim və ya hüquqşünasla olan gizlilik hüququ kimi etimad hiss etməlidirlər.