Müştəri münasibətlərinin idarə edilməsi (CRM) sahəsində fəaliyyət göstərən Paris mərkəzli Brevo startapı 583 milyon dollar həcmində yeni investisiya əldə edib. Bu investisiya ilə startapın bazar dəyəri 1 milyard dolları keçərək unicorn olub. İnvestisiya turunda General Atlantic və Oakley Capital kimi qlobal fondlarla yanaşı, startapın mövcud investorları da iştirak edib.
Startap əldə etdiyi vəsaiti böyüməyə, xüsusilə də ABŞ bazarında möhkəmlənməyə yönəldəcək. Hazırda ABŞ bazarı Brevonun ümumi gəlirlərinin 15 faizini təşkil edir və Fransa ilə Almaniyadan sonra startapın ən böyük üç bazarından biri hesab olunur.
2012-ci ildə Sendinblue adı ilə fəaliyyətə başlayan startap hazırda 600 mindən çox istifadəçiyə xidmət göstərir. Müştəriləri arasında Carrefour, H&M və eBay kimi şirkətlər var. İndiyədək 11 fərqli şirkəti satın alaraq böyüyən Brevo kiçik və orta sahibkarlıqdan tutmuş böyük korporasiyalara qədər geniş kütləyə e-poçt marketinqi, avtomatlaşdırma və CRM həllərini vahid bir yerdə təklif edir.
Startap gələcək planlarını da açıqlayıb. Brevo növbəti beş il ərzində süni intellekt texnologiyalarına 50 milyon avro investisiya yatırmağı planlaşdırır. Məqsəd avtomatlaşdırma proseslərini və fərdi müştəri təcrübəsini daha da təkmilləşdirməkdir. Bu addım startapın HubSpot və Salesforce kimi bazar liderləri ilə qlobal rəqabətə girməyə hazırlaşdığının göstəricisidir.
Startapın baş direktoru Armand Thiberge rəqabət barədə fikirlərini belə ifadə edib:
Sonda ən yaxşı məhsula sahib olan qalib gəlir. Hazırda sektorda həm ən əhatəli, həm də istifadəsi ən asan məhsulu kimin yaradacağı uğrunda yarış gedir.
