Az | EN

Influencer Finance startapı Pars VC-dən investisiya aldı

Nigar Sultanli
04 Dekabr 2025 13:46
76 baxış
Influencer Finance startapı Pars VC-dən investisiya aldı

Məzmun yaradıcıları (influenserlər) üçün maliyyə platforması olan "Influencer Finance" startapı, "Pars VC"-nin rəhbərliyi ilə investisiya əldə edib. Bu yeni investisiya ilə startap həm maliyyə infrastrukturunu gücləndirməyi, həm də fəaliyyət göstərdiyi bazarlarda daha sürətlə böyüməyi hədəfləyir. Startapın xidmət göstərəcəyi ölkələr sırasında Türkiyə, Rumıniya və Yunanıstanla yanaşı, Azərbaycan da yer alır.

"Influencer Finance" startapı məzmun yaradıcılarının qarşılaşdığı uzunmüddətli ödənişlər və nağd pul problemlərinə praktik fintex həlləri təklif edir. Platforma vasitəsilə istifadəçilər qazanclarını anlıq izləyə, ödəniş müddətlərini qısalda və gəlirlərini istədikləri vaxt çıxara bilirlər. Sistem markalardan ödəniş almaq üçün faktura gözləmə və ya əlavə yazışma zərurətini aradan qaldırır; tək bir linklə saniyələr içində ödəniş qəbul etmək mümkün olur.

İnvestisiya raunduna liderlik edən "Pars VC"nin qurucu partnyoru Sabrican Zaim, kütlələrin etimadını qazanmış icma liderlərinə yönələn iş modellərini dəstəklədiklərini bildirib:

"İnfluenserlərin qlobal miqyasda yaratdığı ticarət həcmi olduqca böyükdür. Biz də qlobal bazarlar üçün yaradılan bu startapın həm investoru, həm də tərəfdaşı olmaqdan məmnunluq duyuruq."

"Influencer Finance" startapının həmtəsisçisi Kerem Arseven isə fintex və influenser sahələrinin aktual olması səbəbindən investorlarla tez razılığa gəldiklərini qeyd edib. O, "Pars VC"nin dəstəyi ilə startapın təsir dairəsini artıracağını və yeni əməkdaşlıqlarla böyüməni davam etdirəcəklərini vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az