Az | EN

Trampın kripto layihəsi 30 dəqiqəyə 50% dəyər itirib

Nigar Sultanli
04 Dekabr 2025 13:06
61 baxış
Trampın kripto layihəsi 30 dəqiqəyə 50% dəyər itirib

Trampın ailəsinə məxsus kriptovalyuta layihələri bazarda ciddi çətinliklərlə üzləşib. Dekabrın 2-də prezidentin oğlu Erik Trampa məxsus "American Bitcoin" şirkətinin səhmləri birja tarixində nadir rast gəlinən kəskin ucuzlaşma nümayiş etdirib. Cəmi 30 dəqiqə ərzində şirkətin səhm kotirovkaları 50 faizdən çox çöküb.

"Bloomberg" agentliyinin analizlərinə görə, problem təkcə bir şirkətlə məhdudlaşmır və Tramp ailəsinin adı ilə bağlı olan demək olar ki, bütün rəqəmsal aktivlər ilin əvvəlindən bəri dəyər itirməkdə davam edir. Belə ki, "American Bitcoin" layihəsi ilin əvvəlindən bəri bazar dəyərinin ümumilikdə 75 faizini itirib. Vəziyyət digər layihələrdə də ürəkaçan deyil. Prezident Tramp və oğullarının birbaşa təşəbbüsü ilə yaradılan "World Liberty Financial" tokeni sentyabr ayında əldə etdiyi maksimum qiymətdən sonra 51 faiz ucuzlaşıb. Ən böyük zərbəni isə Donald Tramp və həyat yoldaşı Melaniyaya aid olan "mem" tipli kriptovalyutalar alıb; bu aktivlər müvafiq olaraq 90 və 99 faiz dəyər itirərək demək olar ki, sıfırlanıb. Trampın oğullarına məxsus digər bir kripto şirkəti olan "Alt5 Stigma" da oxşar aqibəti yaşayaraq kapitallaşmasının 75 faizini itirib.

Bazardakı bu xaos fonunda Erik Tramp "X" sosial şəbəkəsi vasitəsilə investorlara müraciət edərək onları soyuqqanlı olmağa çağırıb. O, baş verən ani çöküşü şirkətin daxili problemləri ilə deyil, texniki səbəblərlə, xüsusilə də erkən investorların sahib olduqları səhm opsionlarını reallaşdıraraq qazanc götürmələri ilə izah edib. Erik Tramp layihəyə olan inamını vurğulayaraq, şəxsən özünə məxsus səhmləri satmadığını, dünyanın ən böyük kriptovalyuta şirkətlərindən birini yaratmaq hədəfinə fokuslandığını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az