Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Nəzarət Xidməti (Roskomnadzor), ölkə ərazisində "Apple" şirkətinə məxsus "FaceTime" görüntülü danışıq xidmətinin fəaliyyətini məhdudlaşdırmağa başlayıb. Bu qərar Rusiyanın rəqəmsal məkana nəzarəti gücləndirmək siyasətinin davamı kimi qiymətləndirilir və qadağa artıq qüvvəyə minməyə başlayıb.
Qurumun yaydığı rəsmi açıqlamada məhdudiyyətin əsas səbəbi kimi milli təhlükəsizlik məsələləri göstərilir. Rusiya tərəfi iddia edir ki, "FaceTime" platforması terror hücumlarının təşkili və koordinasiyası, cinayətkar qruplaşmalara yeni üzvlərin cəlb edilməsi, habelə Rusiya vətəndaşlarına qarşı kütləvi fırıldaqçılıq hallarının həyata keçirilməsi üçün aktiv şəkildə istifadə olunur. Rəsmilər bu cür halların qarşısını almaq üçün xarici platformalara çıxışın bağlanmasını zəruri hesab ediblər.
Xatırladaq ki, bu, Rusiyada qlobal kommunikasiya vasitələrinə qarşı tətbiq edilən ilk sərt tədbir deyil. Bundan öncə ölkədə populyar olan "WhatsApp" mesencerinin fəaliyyəti də analoji arqumentlərlə bloklanmışdı. Hakimiyyət orqanları vətəndaşlara xarici servislərdən imtina edərək yerli texnologiyalara üstünlük verməyi tövsiyə edir. Bu çərçivədə istifadəçilərə alternativ rabitə vasitəsi kimi Rusiyanın yerli istehsalı olan "Max" mesencerindən istifadə etmək məsləhət görülür.
