Çinin ən böyük elektrik avtomobili istehsalçısı BYD ABŞ-da Donald Tramp administrasiyası dövründə tətbiq edilən idxal rüsumları ilə bağlı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə iddia qaldırıb. Bloomberg-in məlumatına görə, şirkət bu rüsumlar çərçivəsində ödədiyi vəsaitlərin geri qaytarılmasını tələb edir.
BYD-nin ABŞ-dakı bölmələri iddia edir ki, rüsumları əsaslandıran prezident sərəncamları hüquqi baxımdan etibarsızdır və buna görə də tətbiq edilən gömrük haqları qanunsuz sayılmalıdır.
Şirkət bildirib ki, ABŞ-da elektrik avtobusları və yük avtomobilləri istehsal etsə də, idxal olunan materiallara görə əhəmiyyətli rüsumlar ödəyib. Eyni zamanda, yüksək tariflər və tənzimləyici maneələr səbəbindən BYD ABŞ bazarında minik avtomobillərinin satışını həyata keçirmir.
