Az | EN

Databricks-in CEO-su: SaaS ölməyib, amma süni intellekt onu tezliklə görünməz edəcək

Cəmil Hüseynzadə
10 Fevral 2026 12:30
44 baxış
Databricks-in CEO-su: SaaS ölməyib, amma süni intellekt onu tezliklə görünməz edəcək

Databricks açıqlayıb ki, startapın illik gəlir tempi 5,4 milyard dollara çatıb. Bu, ötən illə müqayisədə 65% artım deməkdir. Gəlirin 1,4 milyard dollardan çoxu isə birbaşa süni intellekt məhsullarından əldə olunub.

Databricks-in həmtəsisçisi və baş icraçı direktoru Ali Qodsi TechCrunch-a bildirib ki, bu rəqəmləri paylaşmaqda məqsədi SaaS biznesinin süni intellekt tərəfindən “öldürüləcəyi” ilə bağlı geniş yayılmış müzakirələrə cavab verməkdir.

“Hamı deyir ki, ‘bu SaaS-dir, bu şirkətlərin aqibəti nə olacaq, süni intellekt onları nə edəcək?’ Bizim üçün isə bu, sadəcə istifadənin artması deməkdir,” – deyə Qodsi vurğulayıb.

Bununla yanaşı, o, Databricks-i sırf SaaS etiketi ilə anmaqdan da uzaq durmaq istəyir. Çünki özəl bazarlarda startap AI şirkəti kimi qiymətləndirilir. Elə həmin gün Databricks daha əvvəl elan etdiyi 5 milyard dollarlıq investisiya raundunu rəsmi şəkildə bağlayıb və 134 milyard dollar dəyər qiymətləndirməsi əldə edib. Bundan əlavə, startap 2 milyard dollarlıq kredit xətti də cəlb edib.

Buna baxmayaraq, Databricks hələ də iki dünyanın arasında dayanır. Startap ən çox bulud əsaslı məlumat anbarı (data warehouse) provayderi kimi tanınır. Məlumat anbarları şirkətlərin böyük həcmdə datanı saxlayaraq biznes analizləri aparması üçün istifadə olunur.

Qodsi xüsusilə bu istifadənin artmasına təkan verən bir AI məhsulunu önə çəkir — Genie adlı LLM əsaslı istifadəçi interfeysi. Genie SaaS məhsullarında klassik interfeyslərin təbii dil ilə əvəz olunmasının nümunəsidir. Məsələn, Qodsi ondan müəyyən günlərdə məlumat anbarından istifadə və gəlirin niyə artdığını sadə sual formasında soruşmaq üçün istifadə edir.

Bir neçə il əvvəl belə sorğular üçün xüsusi texniki dillərdə sorğular yazmaq və ya ayrıca hesabatlar hazırlatmaq lazım idi. Bu gün isə LLM interfeysi olan istənilən məhsuldan hər kəs istifadə edə bilər. Qodsi deyir ki, Genie Databricks-in istifadə statistikasının artmasının əsas səbəblərindən biridir.

Onun fikrincə, SaaS üçün real təhlükə bəzi investorların zarafatla dediyi kimi, şirkətlərin mövcud “record sistemlərini” söküb yerinə öz AI əsaslı həllərini qurması deyil. Bu sistemlər satış, müştəri dəstəyi və maliyyə kimi kritik məlumatları saxlayır və onları köçürmək olduqca çətindir.

“Niyə record sistemini dəyişəsən ki? Bu, asan iş deyil,” – deyə Qodsi qeyd edib.

Üstəlik, süni intellekt modellərini hazırlayan şirkətlər bu məlumatları saxlamaq üçün baza sistemləri təklif etmirlər. Onların əsas hədəfi istifadəçi interfeysini təbii dil, API-lər və ya AI agentlər üçün plaginlər ilə əvəz etməkdir.

Qodsi hesab edir ki, SaaS üçün əsas risk insanların artıq illərlə konkret bir məhsulun mütəxəssisi olmasına ehtiyac qalmamasıdır — məsələn, Salesforce, ServiceNow və ya SAP üzrə ekspertlər. İnterfeys dilə çevrildikdə məhsullar “görünməz”, santexnika kimi arxa planda işləyən alətlərə çevrilir.

“Milyonlarla insan bu interfeyslər üzrə təlim keçmişdi və bu da həmin bizneslərin ən böyük müdafiə səddi idi,” – deyə o xəbərdarlıq edib.

LLM interfeyslərini vaxtında qəbul edən SaaS startapları Databricks nümunəsində olduğu kimi böyüyə bilər. Lakin bu, eyni zamanda AI-native rəqiblərin daha uyğun alternativlər təklif etməsinə də yol açır.

Məhz bu səbəbdən Databricks AI agentlər üçün xüsusi hazırlanmış Lakebase adlı yeni məlumat bazası yaradıb. Qodsi deyir ki, məhsul bazarda cəmi səkkiz ay olmasına baxmayaraq, Databricks-in klassik data warehouse-unun ilk səkkiz ayda qazandığından iki dəfə çox gəlir gətirib.

“Bəli, bu bir az uşaqları müqayisə etməyə bənzəyir,” – deyə Qodsi zarafat edib. “Amma bu, iki dəfə böyük bir uşaqdır.”

Bu arada, iri investisiya raundunu bağladıqdan sonra Databricks-in yaxın zamanda yeni maliyyələşmə və ya IPO planlaşdırmadığını da bildirib.

“Hazırda birja üçün yaxşı zaman deyil,” – deyə Qodsi vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ildə faiz dərəcələrinin kəskin artdığı dövrdə bazarların necə sürətlə dəyişə bildiyi hamıya dərs olub. “Güclü maliyyə ehtiyatı bizi qoruyur və bizə uzun illər işləmək üçün zaman qazandırır.”

© copyright 2022 | tech.az | info@tech.az