TikTok-un sahibi olan ByteDance süni intellekt sahəsində çalışan əməkdaşlarını şirkətdə saxlamaq üçün yeni motivasiya sistemi tətbiq edib. Financial Times-ın məlumatına görə, şirkət Seed AI laboratoriyasının işçilərinə xüsusi şərtlərlə səhm opsionları təklif etməyə başlayıb.
Bu opsionlar bütün ByteDance şirkətinə deyil, onun AI çat-botu olan Doubao layihəsinə bağlıdır. İşçilərə səhmi 13 dollardan almaq imkanı verilir. Məlumata görə, 2025-ci ilin sonunda həmin səhmlərin daxili dəyəri təxminən 10 dollar idi, lakin 2026-cı ilin may ayına qədər bu göstərici demək olar 30% artıb.
Şirkət bu addımı AI sahəsində güclənən kadr rəqabətinə görə atır. Xüsusilə infrastruktur və məlumatların işlənməsi ilə məşğul olan mühəndisləri saxlamaq ByteDance üçün kritik hesab olunur.
Çində ByteDance yüksək səviyyəli AI mütəxəssislərinin əsas toplandığı şirkətlərdən biri sayılır. Tencent kimi böyük texnologiya şirkətləri isə daha yüksək maaş və daha çox idarəetmə azadlığı təklif edərək bu əməkdaşları transfer etməyə çalışır.
Doubao platformasında mətn yazan AI modelləri, şəkil və video generatorları, podkast, təqdimat və audio alətləri mövcuddur. Wired nəşri platformanı “ChatGPT, Midjourney, Sora, TikTok və digər məşhur AI xidmətlərinin birləşməsi” adlandırıb.
2026-cı ilin fevralında Doubao-nun gündəlik aktiv istifadəçi sayı 100 milyonu keçib.
