CATL yüngül kommersiya elektrik nəqliyyatı üçün nəzərdə tutulmuş yeni nəsil Tectrans II batareyalarını təqdim edib. Yeni akkumulyator çatdırılma furqonları, yük avtomobilləri və digər kommersiya elektromobilləri üçün hazırlanıb.
Şirkətin məlumatına görə, batareya 20%-dən 80%-ə cəmi 6 dəqiqə 48 saniyəyə, tam doluluğa isə 9 dəqiqədən az müddətdə çatır. CATL bildirir ki, bu göstərici artıq daxiliyanma mühərrikli avtomobillərin yanacaq doldurma vaxtına yaxınlaşır.
Yeni batareyanın istismar müddəti 10 il və ya 1 milyon kilometr olaraq qiymətləndirilir. Şirkət bunu batareya elementlərində daxili müqavimətin təxminən iki dəfə azaldılması və qrafit anodunun optimallaşdırılması ilə izah edir.
Tectrans II soyuq iqlim şəraitində də yüksək performans göstərir. CATL-in açıqlamasına əsasən, -20°C temperaturda belə enerji doldurma müddəti cəmi təxminən 2,5 dəqiqə artır.
Şirkət bununla yanaşı, kommersiya elektromobilləri üçün ultrasürətli enerji doldurma və batareya dəyişdirmə məntəqələrinin şəbəkəsini də genişləndirir. Bu məqsədlə CATL logistika şirkəti J&T Express ilə Çinin əsas nəqliyyat marşrutları boyunca enerji doldurma infrastrukturunun inkişafına dair əməkdaşlığa başlayıb.
