Meta şirkətinin Wyoming ştatının Cheyenne şəhərində inşa edilən təxminən 800 milyon dollarlıq məlumat mərkəzinin tikintisi zamanı kanalizasiya sistemində nadir və təhlükəli Cupriavidus gilardii bakteriyası aşkarlanıb.
Araşdırmaya görə, insidentə tikinti işlərini həyata keçirən Goat Systems LLC podratçısının sənaye tullantı sularının ilkin təmizlənməsi qaydalarına əməl etməməsi səbəb olub. Hadisədən sonra şəhərin kommunal xidmətləri məlumat mərkəzi ilə əlaqəli obyektlərdən sənaye tullantı sularının qəbulunu müvəqqəti dayandırıb və uzunmüddətli təmizləmə işlərinə başlayıb.
Mütəxəssislərin sözlərinə görə, Cupriavidus gilardii antibiotiklərə davamlı nadir bakteriyalardandır. Sağlam insanlarda infeksiyaya nadir hallarda səbəb olsa da, immun sistemi zəif olan şəxslər üçün ciddi təhlükə yarada bilər. Bununla belə, bakteriya şəhərin içməli su şəbəkəsində aşkarlanmayıb və sakinlər arasında yoluxma halı qeydə alınmayıb.
Hadisə süni intellekt infrastrukturunun sürətlə genişləndirilməsi fonunda iri məlumat mərkəzlərinin ətraf mühitə təsiri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, bu tip məlumat mərkəzləri soyutma sistemləri üçün gündə milyonlarla qallon su sərf edə və yerli infrastruktur üzərində əlavə yük yarada bilər.
