Az | EN

Cənubi Koreya müdafiə sənayesi üçün yeni süni intellekt hazırlanacaq

Cəmil Hüseynzadə
07 İyul 2026 10:52
76 baxış
Cənubi Koreya müdafiə sənayesi üçün yeni süni intellekt hazırlanacaq

Cənubi Koreyanın texnologiya nəhəngi Naver, Korea Aerospace Industries (KAI) və Naver Cloud müdafiə sənayesi üçün süni intellekt (AI) əsas modelinin hazırlanmasına başlayır. Tərəflər bununla bağlı iyulun 6-da KAI-nin Sacheon şəhərində yerləşən qərargahında əməkdaşlıq memorandumu imzalayıblar.

Layihə çərçivəsində Naver-in süni intellekt və bulud texnologiyaları KAI-nin aerokosmik mühəndislik təcrübəsi və müdafiə sistemlərinin inteqrasiyası sahəsindəki imkanları ilə birləşdiriləcək. Hazırlanacaq AI modeli pilotsuz uçuş aparatlarının avtonom uçuşu və missiyaların icrası, eləcə də yeni nəsil döyüş sistemləri üçün süni intellekt platformasının yaradılmasını hədəfləyir.

KAI 2001-ci ildə Cənubi Koreya ordusunda istifadəyə verilən Songgolmae kəşfiyyat pilotsuz uçuş aparatının hazırlanmasından sonra pilotsuz aviasiya sahəsində fəaliyyətini genişləndirib. Şirkət hazırda avtonom şaquli eniş-qalxma sistemləri, zərbə PUA-ları və pilotsuz döyüş təyyarələri üzərində də işləyir.

Naver üçün isə bu əməkdaşlıq şirkətin "suveren AI" strategiyasının tərkib hissəsidir. Naver Cloud məlumatların ölkə daxilində qorunmasını təmin etdiyini və bu sahədə 17 uyğunluq sertifikatı və attestata malik olduğunu bildirib.

© copyright 2022 | tech.az | info@tech.az