İflas edən Character.AI platforması istifadəçilərin süni intellekt personajları ilə yazışmalarını satmaq istəyir. ABŞ-ın 42 ştatının baş prokuroru bu plana qarşı çıxıb. Bu barədə Kaliforniya Baş Prokurorluğunun ofisi məlumat yayıb.
Character.AI istifadəçilərə özlərinin yaratdığı personajlar əsasında hazırlanmış çat-botlarla ünsiyyət qurmağa imkan verən platformadır. Şirkət 2026-cı ilin oktyabrında iflas müraciəti edib və hazırda aktivlərinin böyük hissəsini satışa çıxarıb. Satışa ABŞ-dakı 21 milyondan çox hesabın yazışma tarixçələri də daxildir. Bu hesabların 2,1 milyondan çoxu yetkinlik yaşına çatmayanlara məxsusdur. Alıcı yazışmalarla yanaşı, istifadəçilərin IP ünvanlarını və digər məlumatlarını da əldə edə bilər.
Baş prokurorların bildirdiyinə görə, yazışmalarda çoxlu şəxsi məlumat var. İstifadəçilər, o cümlədən uşaqlar, “psixoterapevt” və “həkim” rolunda çıxış edən botlarla özünə zərər vermə, qidalanma pozuntuları və intihar barədə düşüncələrini bölüşüblər. Halbuki şirkət daha əvvəl istifadəçilərin şəxsi məlumatlarını satmadığını vəd etmişdi.
Hərracın dekabrın 1-də keçirilməsi planlaşdırılır. Hazırda məlum olan yeganə iddiaçı 13 noyabrda Delaver ştatında qeydiyyatdan keçmiş Smirks and Pangs Acquisition LLC şirkətidir. Character.AI ertəsi gün bu şirkətin təklifini ilkin təklif kimi qəbul edib. Alıcının istifadəçi yazışmalarını hansı məqsədlə istifadə edəcəyi isə açıqlanmayıb.
Baş prokurorlar məhkəmədən satışın qarşısını almağı və əmlak başqa alıcıya satılacağı təqdirdə Smirks şirkətinə ödənilməsi nəzərdə tutulan 350 min dollar məbləğində kompensasiyanın rədd edilməsini istəyirlər. Satış baş tutarsa, onların fikrincə, ən azı uşaqlara aid yazışmalar və digər həssas məlumatlar sövdələşmədən çıxarılmalıdır.
Kaliforniyanın baş prokuroru Rob Bonta bildirib: “İflas prosesi istehlakçıların müdafiəsi üçün nəzərdə tutulan bu təminatlardan yan keçmək vasitəsinə çevrilməməlidir”.
Eyni ştatlar daha əvvəl Character.AI-nin intellektual mülkiyyətinin Disney-ə 20 milyon dollara lisenziyalaşdırılması planına da etiraz ediblər. Həmin sövdələşməyə istifadəçi yazışmaları daxil deyil və məhkəmə onu hələ yekun şəkildə təsdiqləməyib.
Qeyd edək ki, noyabr ayında Avropa Komissiyasının sosial şəbəkələrdə və çat-botlarda istifadəçiləri platformada daha uzun müddət saxlamağa yönəlmiş funksiyalara qarşı qanun hazırladığı barədə məlumat yayılmışdı.
