Epic Games şirkətinin rəhbəri Tim Sweeney çat-botun onun işini bloklamasından sonra Claude-u tənqid edib. Bu barədə Wccftech nəşri məlumat yayıb.
Sweeney-nin sözlərinə görə, Claude çoxluqlar nəzəriyyəsi üzrə apardığı araşdırmanı dayandırıb və onu model distilləsiyasında ittiham edib. O, Epic-in korporativ hesabından istifadə edərək modellə gündə bir-iki saat işləyirmiş.
“Anthropic müştərilərinin işini bu şəkildə sabotaj etməyə davam edə bilməz”, – deyə Sweeney X platformasında yazıb.
Distillasiya daha güclü süni intellekt modelinin cavablarından istifadə etməklə yeni modelin öyrədilməsi prosesidir. Bunun üçün tərtibatçılar, məsələn, Claude-a çoxsaylı suallar ünvanlayır və əldə etdikləri cavablar əsasında öz neyron şəbəkələrini təlimləndirirlər. Anthropic və digər iri süni intellekt şirkətləri istifadəçi müqavilələrində bu cür fəaliyyəti qadağan edir və avtomatik müdafiə sistemlərindən istifadə edirlər. Sweeney-nin vəziyyətində isə bu sistemin yanlış işə düşdüyü ehtimal olunur.
Daha sonra Sweeney mövqeyinə aydınlıq gətirərək “zibil” ifadəsini Claude modellərinə deyil, məhz distillasiyaya qarşı müdafiə mexanizminə aid etdiyini bildirib. Onun sözlərinə görə, Claude-un qabaqcıl modelləri ümumilikdə olduqca yaxşıdır.
Sweeney oyun hazırlanmasında süni intellektdən istifadənin tərəfdarı kimi tanınır. O, generativ süni intellektdən istifadə edilərək hazırlanan oyunların məcburi şəkildə xüsusi işarələnməsinə qarşı çıxır. Epic isə Unreal Engine-də Claude və Gemini də daxil olmaqla, dil modellərini inteqrasiya edir.
