Az | EN

ChatGPT-də sağlamlıq bölməsi yaradılır

Cəmil Hüseynzadə
08 Yanvar 2026 11:15
63 baxış
ChatGPT-də sağlamlıq bölməsi yaradılır

OpenAI ChatGPT platformasında ChatGPT Health adlı yeni sağlamlıq bölməsini təqdim edib. Bu bölmə istifadəçilərə öz sağlamlıqları ilə bağlı sualları neyroşəbəkə ilə müzakirə etməyə imkan verəcək.

Şirkətin statistikasına görə, hər həftə 230 milyondan çox insan ChatGPT-yə sağlamlıqla bağlı suallar ünvanlayır. Yeni bölmə istifadəçi haqqında məlumatları nəzərə alacaq və Apple Health, Function və MyFitnessPal kimi xidmətlərlə inteqrasiya olunacaq. Bunun sayəsində ChatGPT həkim qəbuluna hazırlaşmağa kömək edəcək, analiz və göstəriciləri izah edəcək, həmçinin qidalanma ilə bağlı tövsiyələr verə biləcək.

OpenAI vurğulayır ki, ChatGPT Health tibbi yardımı əvəz etmir.

“Bu funksiya diaqnoz qoymaq və ya müalicə təyin etmək üçün nəzərdə tutulmayıb. O, gündəlik sağlamlıq suallarını anlamağa və zamanla yaranan qanunauyğunluqları izləməyə kömək edir — yalnız xəstəlik anlarında deyil — beləliklə istifadəçilər mühüm tibbi söhbətlərə daha hazırlıqlı olurlar”, — deyə OpenAI bildirib.

Sağlamlıq məlumatları ayrıca bir mühitdə saxlanılır və burada məxfilik tədbirləri gücləndirilib. Məsələn, ChatGPT sağlamlıqla bağlı məsləhət vermək üçün digər çatlarda olan məlumatlardan istifadə edə bilər, lakin sağlamlıq bölməsindəki məlumatlar heç vaxt digər çatlarda cavab vermək üçün istifadə olunmayacaq.

Yeni funksiya həkimlərlə birgə hazırlanıb. İki il ərzində OpenAI 260-dan çox həkimdən 600 mindən artıq rəy toplayaraq sistemin sağlamlıq mövzusunda mümkün qədər faydalı tövsiyələr verməsini təmin edib.

ChatGPT Health artıq bəzi istifadəçilər üçün əlçatandır. Funksiyaya erkən çıxış üçün gözləmə siyahısına yazılmaq mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az