Az | EN

Özbək fintex startapı Uzum 130 milyon dollar investisiya cəlb edib

Cəmil Hüseynzadə
10 Mart 2026 12:25
64 baxış
Özbək fintex startapı Uzum 130 milyon dollar investisiya cəlb edib

Özbəkistanın fintech və e-ticarət startapı Uzum yeni investisiya raundundan sonra 2,3 milyard dollar dəyərində qiymətləndirilib. Bu, startapın dəyərinin son yeddi ayda təxminən 53% artdığını göstərir.

Startapa 131,5 milyon dollarlıq investisiya yatırılıb. Raunda Oman suveren sərvət fondları rəhbərlik edib. Mövcud investorlar — Tencent, VR Capital və FinSight Ventures da maliyyələşdirmədə iştirak edib. İnvestisiyanın 81,5 milyon dolları kapital, 50 milyon dolları isə konvertasiya olunan maliyyə aləti kimi təqdim olunub.

2022-ci ildə yaradılan Uzum e-ticarət, ödəniş və istehlak kreditlərini birləşdirən rəqəmsal ekosistem qurub. Platforma Uzum Market, Uzum Bank və Uzum Nasiya kimi xidmətləri təqdim edir.

Hazırda platformanın istifadəçi sayı təxminən 20 milyona çatır və bu, ölkənin yetkin əhalisinin yarıdan çoxuna bərabərdir. Uzum ekosistemi 17 mindən çox yerli satıcını birləşdirir və 2025-ci ildə platforma üzrə ödənişlərin ümumi həcmi 11 milyard dollar olub.

Startap 2025-ci ildə 691 milyon dollar gəlir və 176 milyon dollar xalis mənfəət əldə etdiyini açıqlayıb. Uzum yaxın illərdə IPO keçirməyi planlaşdırır və bundan əvvəl 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində 250–300 milyon dollarlıq yeni investisiya raundu cəlb etməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az