Cek Dorsinin hazırladığı BitChat messenceri Çinin App Store platformasından silinib. Apple bu qərarın yerli tənzimləyicinin tələbi ilə verildiyini açıqlayıb.
Şirkətin bildirdiyinə görə, tətbiq ölkədə “ictimai rəyə təsir və sosial mobilizasiya imkanları” ilə bağlı qaydaları pozur. BitChat internetə ehtiyac olmadan, Bluetooth vasitəsilə cihazlar arasında şifrələnmiş mesajlaşma imkanı yaradır.
2025-ci ildə təqdim olunan tətbiq tam mərkəzsiz quruluşa malikdir. İstifadə üçün nə email, nə də telefon nömrəsi tələb olunur, ümumiyyətlə hesab sistemi yoxdur.
Tətbiq digər ölkələrdə fəaliyyətini davam etdirir. BitChat indiyədək 3 milyondan çox yüklənib, təkcə son həftədə isə 92 min dəfə endirilib.
