Çin hökumətinin rəsmi qurumları və dövlət mediası yerli şirkətlərə, xüsusilə də hökumət və milli təhlükəsizlik sektorunda fəaliyyət göstərənlərə Nvidia-nın H20 süni intellekt çipindən istifadə etməməyi tövsiyə edib. Çin dövlət mediası bu çipi "zəif işləyən, ətraf mühitə zərər verən və etibarsız" adlandırır.
Nvidia isə bu iddialara cavab olaraq bildirib ki, H20 çipi hərbi məqsədlər üçün deyil, kommersiya üçün hazırlanıb və onun içində heç bir gizli təhlükəsizlik boşluğu yoxdur. Şirkət eyni zamanda Çin hökumətinin ABŞ istehsalı çiplərə heç vaxt tam güvənmədiyini vurğulayıb. Açıqlamada deyilir ki, "Çin öz ehtiyaclarını ödəyəcək qədər yerli çiplərə sahibdir. ABŞ hökuməti Çin istehsalı çiplərə güvənmədiyi kimi, Çin də hökumət işlərində ABŞ çiplərinə güvənmir və bundan sonra da güvənməyəcək".
H20 çipi Nvidia-nın Hopper arxitekturasına əsaslanır və ABŞ-ın icazəsi ilə Çinə satılan ən müasir modellərdən biridir. Qeyd etmək lazımdır ki, ABŞ eyni zamanda çip istehsalçılarından Çinə satılan bəzi məhsulların gəlirinin 15 faizini hökumətə ödəməyi tələb edir. Bu arada, Çinin AMD şirkətinin MI308 çipinə də məhdudiyyətlər qoyduğu, lakin bu məlumatın rəsmi sənədlərdə əks olunmadığı bildirilir.
ABŞ və Çin arasındakı ümumi gərginlik bir qədər azalsa da, texnologiya sahəsində siyasi mübarizə davam edir. Çin ABŞ-nin qoyduğu qadağalara qarşı öz yerli çiplərinə üstünlük verir və bu keçid prosesinin uzun və çətin olacağı gözlənilir. Hələlik Çinin yüksək keyfiyyətli yerli çipləri tam hazır olmadığı üçün bu dəyişikliklər tədricən və mərhələli şəkildə həyata keçiriləcək.