MrBeast-in komandasından ayrılan Jay Neo bloqerlərin işini asanlaşdırmaq üçün “Palo” yeni süni intellekt startapını yaradıb. Bu sistem Instagram, YouTube və TikTok-da paylaşılan videoları təhlil edir, bloqerə hansı mövzuların daha çox "tutduğunu" göstərir və yeni ideyalar verir. Lakin bu xidmət hər kəs üçün nəzərdə tutulmayıb; startap əsasən 100 mindən çox izləyicisi olan böyük kanalları hədəfləyib və xidmətin aylıq qiyməti 250 dollardır.
Məsələnin maraqlı tərəfi odur ki, layihəyə artıq 3.8 milyon dollar investisiya qoyulsa da, onun həqiqətən bu qiymətə dəyib-dəymədiyi hələ tam sübut olunmayıb. Ekspertlər düşünür ki, şirkət məhsulun real nəticələrindən çox, qurucularının məşhur keçmişinə güvənir. Üstəlik, aylıq 250 dollar orta səviyyəli bloqerlər üçün çox bahadır, bu da o deməkdir ki, bazarda daha ucuz və sadə alətlər üçün hələ də böyük boşluq var.
