Az | EN

Çinin Lisuan videokartları ilk müştərilərə göndərildi: bazara yeni oyunçu çıxır

Cəmil Hüseynzadə
02 Yanvar 2026 15:20
45 baxış
Çinin Lisuan videokartları ilk müştərilərə göndərildi: bazara yeni oyunçu çıxır

Çinin Lisuan startapı özünə məxsus arxitektura əsasında hazırlanan videokartlarını ilk müştərilərə göndərib. Jiemian Newsin məlumatına görə, 6 nm texnoloji proseslə istehsal olunan 7G100 seriyalı videokartlar rəqəmsal əkizlər (digital twins) sahəsində fəaliyyət göstərən ilk B2B müştəriyə təhvil verilib. Rəqəmsal əkizlər real vaxtda sensor məlumatlarını emal edərək obyekt və proseslərin davranışını modelləşdirdiyi üçün Lisuan məhsulları kifayət qədər tələbkar bir sahədə istifadə olunacaq.

Oyun bazarı baxımından isə Lisuan iyul ayında təqdim etdiyi 7G106 istehlakçı modeli ilə diqqət çəkib. Şirkətin açıqlamasına görə, videokart Black Myth: Wukong oyununda 4K və yüksək qrafik ayarlarında stabil 70 fps nəticə göstərib. Sintetik testlərdə isə performansın RTX 4060-dan təxminən 10 faiz yüksək olduğu bildirilir.

Bununla belə, ekspertlər real bazar uğurunun hələ sual altında olduğunu vurğulayırlar. Intel ARC nümunəsi göstərir ki, sürücü və optimizasiya problemləri yeni istehsalçıların qarşısında ciddi maneələr yarada bilər. Qlobal yaddaş böhranı da Lisuan-ın bazarda geniş yayılmasını çətinləşdirə bilər. Buna baxmayaraq, bazara yeni daxil olan oyunçunun sürpriz etməsi istisna edilmir.

© copyright 2022 | tech.az | info@tech.az