Fevralın 7-də Telegram-da @danbao istifadəçi adı uğrunda keçirilən hərracda gərgin mübarizə yaşanıb. Gün boyu davam edən yarışda əsas iştirakçılar Çin vətəndaşları olub. Nəticədə qalib investor istifadəçi adı üçün təxminən 170 milyon rubl, yəni 2 milyon dollara yaxın məbləğ ödəyib.
Bu satış Telegram-da istifadəçi adlarının alqı-satqısı üçün nəzərdə tutulmuş Fragment platformasında indiyədək qeydə alınan ən yüksək məbləğli əməliyyat kimi tarixə düşüb. Məlumatı “Kod Durova” nəşri yoxlayıb. Fragment TON blokçeyni üzərindən Telegram xidmətləri ilə işləməyə imkan verən alətlər toplusudur.
Qeyd edək ki, sözügedən istifadəçi adı təxminən üç il əvvəl cəmi 184 min dollar dəyərində qiymətləndirilirdi. Hazırda isə onun qiyməti 2,2 milyon dollara yüksəlib.
@danbao istifadəçi adının yeni sahibi çoxsaylı anonim nömrələrin və nadir Telegram istifadəçi adlarının holderi olan çinli investordur. Onun kolleksiyasında kazino mövzusunda adlar da yer alır. Maraqlıdır ki, bu şəxs daha əvvəl “Kod Durova”nın yazdığı çinli investor Fuhao ilə də dostdur.
Alışın əsas səbəbi istifadəçi adının mənası ilə izah olunur: “danbao” sözü çin dilində “zəmanət” və ya “təminat” kimi tərcümə olunur. Hazırda bu istifadəçi adı Çin kriptokoshelokları ekosisteminə və kazino layihələrinin işə salınması üçün nəzərdə tutulan infrastruktura yönləndirilən kanala bağlanıb.
Xatırladaq ki, bundan əvvəl ən bahalı istifadəçi adı alışı 2022-ci ildə baş verib. Həmin vaxt @news istifadəçi adı 1,7 milyon dollara satılmışdı.
