Az | EN

Crypto.com sahibi AI.com domenini 70 milyon dollara alıb

Cəmil Hüseynzadə
09 Fevral 2026 11:09
44 baxış
Crypto.com sahibi AI.com domenini 70 milyon dollara alıb

Crypto.com şirkəti indiyədək qeydə alınan ən bahalı domen alışını həyata keçirib. Financial Times nəşrinin məlumatına görə, şirkətin təsisçisi Kris Marszalek AI.com domenini 70 milyon dollara satın alıb. Sövdələşmə tam şəkildə kriptovalyuta ilə, satıcının kimliyi açıqlanmadan baş tutub.

Bu alış domen bazarında əvvəlki rekordları geridə qoyub. İndiyədək ən bahalı domen CarInsurance.com olub — 2010-cu ildə 49,7 milyon dollara satılmışdı. Ondan sonra VacationRentals.com (35 milyon dollar, 2007) və Voice.com (30 milyon dollar, 2019) gəlirdi.

Marszalek AI.com saytını bazar günü keçiriləcək Super Bowl zamanı təqdim etməyi planlaşdırır. Sayt istifadəçilərə mesajlaşma, tətbiqlərdən istifadə və səhm ticarəti üçün fərdi süni intellekt agenti təklif edəcək. O bildirib ki, 10–20 illik perspektivdə süni intellekt dövrümüzün ən böyük texnoloji dalğalarından biri olacaq.

Qeyd edək ki, Marszalek daha əvvəl Crypto.com domenini əldə edib və stadion adlandırma hüquqları üçün 700 milyon dollar xərcləyib. Domen brokeri Larri Fişerin sözlərinə görə, AI.com kimi aktivlərin alternativi yoxdur və belə fürsətlər bir daha təkrarlanmaya bilər.

© copyright 2022 | tech.az | info@tech.az