Az | EN

Rusiyada xarici vətəndaşlara “istedad vizaları” verilməsi başlanılır

Cəmil Hüseynzadə
06 Fevral 2026 17:38
49 baxış
Rusiyada xarici vətəndaşlara “istedad vizaları” verilməsi başlanılır

2026-cı ilin aprel ayından etibarən Rusiyada xarici vətəndaşlara “istedad vizaları” verilməsinə başlanılacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Gazeta.ru”nun yazdığına görə, belə vizaların verilməsi ilə bağlı fərman hələ 2025-ci ilin dekabrında qəbul edilib. Xarici vətəndaşlara “istedad vizası” verilməsi təklifi isə 2026-cı ilin yanvar ayının ortalarında Dövlət Dumasının iqtisadi siyasət komitəsi sədrinin müavini Mixail Delyagin tərəfindən irəli sürülüb.

Sergey Lavrovun sözlərinə görə, qəbul edilmiş fərman Rusiyanın maraqlarına cavab verən istedadlı xarici vətəndaşların ölkəyə köçürülməsinin dəstəklənməsini nəzərdə tutur.

Bu viza üçün elmi-texnoloji inkişaf, istehsal, idman və yaradıcılıq sahələrində nailiyyətləri olan şəxslər müraciət edə biləcəklər. Eyni zamanda mədəni-humanitar sahədə, təhsildə uğur qazanan, cəmiyyətin və iqtisadiyyatın inkişafına töhfə verən, Rusiyanın müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunmasında iştirak edən şəxslər də bu kateqoriyaya aid ediləcək.

Bundan əlavə, xüsusilə tələbat olan peşə, ixtisas və ya bacarıqlara malik xarici vətəndaşlar da “istedad vizası” almaq hüququna sahib olacaqlar. Qeyd olunur ki, bu peşə və bacarıqlar üzrə rəsmi siyahı mövcud deyil.

Belə şəxslərə 1 ilədək müddətə çoxdəfəlik işgüzar vizalar veriləcək. Vizaların verilməsi prosesi üzrə təşkilati işlərin 2026-cı il aprelin 15-dək tamamlanması planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az